Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq

Kioto Universitetinin yaponiyalı alimləri dünyanın ilk taxta kosmik peyki olan “LignoSat”ı yaradıblar.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

“LignoSat” Beynəlxalq Kosmik Stansiyada (BKS) il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb.

Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir – resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.

“Bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, yekunda Yerin ətraf mühitinə təsir göstərəcək”, – yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.

“LignoSat” 2024-cü ilin yayında orbitə buraxılmalıdır. O, oraya BKS-in təchizat gəmisi “Orbital Sciences Cygnus” və ya “SpaceX Dragon” raketi ilə çatdırılacaq.

Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.