Deputat: Bir çox ölkənin, eləcə də böyük korporasiyaların rəhbərləri Azərbaycan Prezidenti ilə görüşə can atır

Deputat: Bir çox ölkənin, eləcə də böyük korporasiyaların rəhbərləri Azərbaycan Prezidenti ilə görüşə can atır

“Xatırlayırsınızsa, ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirindən, başqa sözlə desək, Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təminindən sonra ayaqda Fransa olmaqla qərbdəki bəlli çevrələr dövlətimizi təcriddən dəm vururdular. Fransa, Belçika, Niderland və daha bir neçə ölkənin parlamentlərində Azərbaycana qarşı sanksiya tələbi səsləndirilir, qətnamələr qəbul edilirdi. Avropa Parlamenti və AŞPA-da baş verənləri də yəqin xatırlatmağa ehtiyac yoxdur. Amma indi biz nə görürük? Onu görürük ki, başda Almaniya Kansleri Şolts olmaqla bir çox ölkələrin və qurumların, eləcə də böyük korporasiyaların rəhbərləri Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşə can atırlar. Əminəm ki, Fransa Prezidenti Makron da bunu izləyir və Azərbaycanın dövlət başçısının İtaliyanın “Leonardo”, “Indra” şirkətinin rəhbərləri, eləcə də Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoruyla görüşlərinin nə demək olduğunun yaxşı fərqindədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Sahib Alıyevin sözlərinə görə, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın ölkəsinin nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqda maraqlı olan şirkətlərin təmsilçilərinin yaxın günlərdə Azərbaycana səfərə gedəcəklərini və bunun, “indiyədək həm təmsilçilik, həm də say baxımından” alman iş adamlarının ən böyük heyətinin olacağını vurğulaması o deməkdir ki, Fransanın Azərbaycanı təcrid siyasətini onun ən yaxın müttəfiqi də rədd edib: “Özü də təkcə rədd etməyib, bu, həm də o deməkdir ki, Fransa şirkətləri ilə əməkdaşlığa Azərbaycanda daha ehtiyac duyulmur və duyulmayacaq. Azərbaycanla əməkdaşlıq nəticəsində qazanılacaq yüz milyonlarla dollar İtaliya və Almaniya büdcəsinə gedəcək.

Makron yəqin ki, cənab Prezidentin seçkidə qazandığı qələbəylə bağlı onu Qərbdə ilk təbrik edənlərdən biri olan Almaniya Kanslerinin Ermənistan baş naziri ilə birgə görüş təşəbbüsünə nədən razılıq verdiyini də anlamamış deyil. O da yaxşı bilir ki, bu görüş zamanı danışıqlarda Azərbaycanın diqtə etdiyi ikitərəfli format fəlsəfəsindən qırağa çıxılmayıb və çıxıla da bilməz”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin yenə də qarşı tərəfdəkilərin istəyi ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn və iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşləri də diqqət çəkməyə bilməz: “Bu, o deməkdir ki, ABŞ-da regiondakı maraqlarının təmin edilməsinin daha çox kimdən asılı olduğunu yaxşı dərk edirlər və noyabrdakı seçkilər sona çatanda orada haypərəstlik tam da olmasa, xeyli buxarlanacaq.

İsrail və Ukrayna Prezidentlərinin cənab İlham Əliyevlə görüşmək istəkləri və bu görüş zamanı səslənən fikirlər Azərbaycanın regionda guya Rusiya ilə birgə hərəkət etməsi haqqında Qərbdəki bəlli çevrələrin uydurmalarının tam əsassızlığının ən gözəl təsdiqidir. Bu görüşlər bütövlükdə həm də onun təsdiqidir ki, Azərbaycan Prezidentinin andiçmə törənində xarici siyasət sahəsində qarşıda duran prioritetlərlə bağlı dediklərinin reallaşdırması yönündə artıq önəmli addımların atılmasına başlanılıb”.