Türkiyəli ekspert: Azərbaycan müharibədən alnıaçıq çıxıb

Türkiyəli ekspert: Azərbaycan müharibədən alnıaçıq çıxıb

Qarabağ müharibəsi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycanın ilk dəfə irəliyə doğru addım atdığı müharibədir. Bu addımı gələcəyə doğru davam etdirməyə məcburuq.

"Report" xəbər verir ki, bunu təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Abdullah Ağar "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Onun sözlərinə görə, müharibə xalqın odla imtahanıdır: "Azərbaycan bu imtahandan alnıaçıq çıxıb. 2-ci Qarabağ müharibəsinin necə çətin bir müharibə olduğunu bilirəm. Bu müharibə sadəcə Azərbaycan və Türkiyə üçün yox, həm də bəşəriyyət üçün çox dəyərlidir. Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir".

Türkiyəli ekspert, həmçinin ABŞ-nin İraq və Əfqanıstanla olan münasibətlərindən də danışıb.

"Biz ABŞ-nin bu ölkələrdəki işğal faktının məqsədini enerji mənbələrinə hökmranlıq kimi qiymətləndirdik. Bu, bir tərəfdən də ABŞ-nin Çin və Hindistan kimi rəqiblərinə qarşı üstünlük kimi təqdim edilib. ABŞ Prezidenti isə bunu müqəddəs müharibə hesab edirdi", - deyə o vurğulayıb.

O bildirib ki, ABŞ İkinci Dünya müharibəsindən sonra qayda əsaslı dünya sistemi qurduğunu iddia edir: "Amma qayda əsaslı dünya sistemini ABŞ öz əlləri ilə Qəzzada, Suriyada, Ukraynada dağıtdı. Konseptual güc, Qəzzada da olduğu kimi, siyasi həll yolu yarada bilməz. ABŞ bunun fərqindədir, ona görə də problemi həll etməyə çalışır, amma edə bilmir. Burada böyük bir anlayış, siyasi, təhlükəsizlik və iqtisadi boşluq yaranacaq. Bəs bu boşluğu kim aradan qaldıracaq? Çinin bunu həyata keçirə biləcəyini güman etmirəm. Çin yaşamını güc və mənfəət üzərində qurub. Beynəlxalq sistemin təməli mənfəət olmamalıdır, hüquq və ədalət olmalıdır".