KİV: Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərini müsadirə edə bilməyəcək

KİV: Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərini müsadirə edə bilməyəcək

Yeddilik Qrupunun fevralda belə bir addımın qanuniliyini müzakirə etmək niyyətinə baxmayaraq, Avropa Birliyi çox güman ki, Rusiya Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsi planlarından imtina etməli olacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Aİ-nin adı açıqlanmayan yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

“Rusiya aktivlərinin kapitalı müsadirə edilməyəcək. Aİ ölkələri arasında heç bir razılaşma yoxdur”, - agentliyin həmsöhbəti bildirib.

Avropa rəsmiləri təkcə belə bir addımın hüquqi aspektindən deyil, həm də bunun vahid Avropa valyutası üçün hansı nəticələrə səbəb ola biləcəyindən narahatdırlar. Belə ki, onlar istisna etmirlər ki, investorlar nə vaxtsa onların vəsaitlərinin də müsadirə oluna biləcəyi qorxusundan sonra Avropa aktivlərindən çıxa bilərlər.

“Aİ beynəlxalq “Euroclear” platformasına maliyyə yardımı göstərə bilməyəcək. “Euroclear” trilyonlara nəzarət edir və onun iflası Aİ büdcəsini üstələyir. Biz risk və mükafatı balanslaşdırmalıyıq”, - mənbə bildirib.

Məqalədə deyilir ki, Brüssel çox güman ki, Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə etmək təklifi ilə razılaşacaq.