ADA Universitetində “Qloballaşan dünyada beynəlxalq arbitraj” adlı konfrans keçirilib

ADA Universitetində “Qloballaşan dünyada beynəlxalq arbitraj” adlı konfrans keçirilib

Bu gün ADA Universitetində “Qloballaşan dünyada beynəlxalq arbitraj: fundamental anlayışlara və perspektivlərə çağırışlar” adlı elmi-praktik konfrans-seminar keçirilib.

“Report” xəbər verir ki, tədbir ADA Universitetinin Hüquq fakültəsi və Nyu-York Universitetinin Hüquq fakültəsinin “Transmilli məhkəmə çəkişmələri, arbitraj və kommersiya hüququ üzrə mərkəz"in birgə təşkilatçılığı ilə baş tutub.

“Universitetimizin Hüquq fakültəsi yerli və beynəlxalq hüquqşünaslarla, eləcə də beynəlxalq təşkilatlarla daim qarşılıqlı əlaqədə olur və birgə tədbirlər təşkil edir. Bu isə, hesab edirəm ki, Azərbaycanın hüquq sistemi, onun zənginləşməsi, inkişafı üçün çox faydalıdır”, - simpoziumun açılışında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Hüquq fakültəsinin dekanı Rəşad İbadov isə belə tədbirlərin keçirilməsində əsas məqsədin yeni nəsil hüquqşünasların yetişdirilməsi olduğunu vurğulayıb: “2024-cü il yanvarın 25-də Azərbaycanda "Arbitraj haqqında" yeni qanun qəbul edildiyi üçün bu simpoziumun keçirilməsi yerinə düşür. Bu, yeni qanunun qəbulundan sonra ilk beynəlxalq tədbirdir. Ümid edirəm ki, bu konfrans ölkəmizdə arbitrajın inkişafının sürətini müəyyən edəcək”.

Konfransda Nyu-York Universiteti, Paris Şərq Universiteti və ADA Universitetinin professorları, beynəlxalq və yerli hüquq şirkətlərində öz sahələrində çalışan aparıcı hüquqşünaslar iştirak edir.