Dövlət Komitəsi: Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq

Dövlət Komitəsi: Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşündə məlumat verilib.

Komitə sədri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

Həmçinin qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.