Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb

Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb

Braziliyanın cənubundakı Portu Aleqri şəhərində bu gün səhər saatlarında baş verən güclü yanğın nəticəsində azı 10 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat verib.

Portu Aleqri Mülki Müdafiə Xidmətinin məlumatına görə, yanğın yerli vaxtla gecə saat 2 radələrində başlayıb və səhər saat 04:30-da söndürülüb. 7 nəfər xilas edilərək xəstəxanalara göndərilib. Şəhərin tərkibində olduğu Rio Qrande du Sul ştatının Yanğından Mühafizə İdarəsinin mütəxəssisləri ölən və xəsarət alanların axtarışını aparır.

Ekspertlərin fikrincə, hadisənin səbəbi hələlik məlum deyil, lakin kriminal versiya istisna edilmir.

Telekanal qeyd edir ki, qonaq evinin mehmanxana kimi fəaliyyət göstərmək üçün lisenziyası, həmçinin yanğın halında fəaliyyət ilə bağlı planı olmayıb. Bundan əlavə, binadakı otaqların çox sıx, nəticədə insanların binanı tərk etməsinin çətin olması da əlavə problem yaradıb.