Qərbi Azərbaycan Xronikası: “Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər”

Qərbi Azərbaycan Xronikası: “Azərbaycanlılara casus damğası vurub sürgün edirdilər”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu olub.

Deputat doğulub boya-başa çatdığı, uşaqlıq və yeniyetməlik illərini yaşadığı Amasiya rayonunun Göllü kəndindən danışıb. Qardaş Türkiyə ilə sərhəd olan bu yaşayış məntəqəsinin tarixindən, zəhmətkeş sakinlərinin həyat tərzindən söhbət açan H.Babaoğlu oradakı adət-ənənələrə, qışa hazırlıq mərasimlərinə, elm və təhsilə olan marağa diqqət çəkib. Ağır şəraitin, çətinliklərin insanları daha da əzmkar etdiyini, onları əməyə, yaxşı vərdişlərə yönəltdiyini dilə gətirib. Bildirib ki, Göllü kəndində yaşadığı illər ömrünün ən xoş xatirələri kimi yaddaşında qalıb. O dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin hər sahədə özünü göstərdiyini vurğulayan millət vəkili orta məktəbdə təhsil alarkən qəsdən imtahan qiymətlərinin aşağı yazıldığını, bununla da qızıl medal almasına maneə törədildiyini qeyd edib. Deyib ki, idman yarışlarında da azərbaycanlı məktəblilər qəsdən uduzdurulur, qalib gəlməsinə imkan verilmirdi.

Deputat ata-babalarının ötən əsrdə bir neçə dəfə deportasiyaya, sürgünə məruz qaldığını da diqqətə çatdırıb. Bildirib ki, Göllü kəndi Türkiyə ilə yaxın yaşayış məntəqəsi olduğu üçün SSRİ dövründə azərbaycanlı sakinlərə ermənilər tərəfindən casus damğası vurulub, soydaşlarımız nahaq yerə həbs olunub, sürgün edilib, hətta bəzi hallarda güllələnməyə məruz qalıblar. O, ötən əsrin əvvəllərində Andranik Ozanyanın quldur dəstələri ilə Amasiya rayonunun bir çox kəndlərində qətliamlar, talanlar törətdiyini, yaşayış məntəqələrini yandıraraq xarabalığa çevirdiyini söyləyib.

Azərbaycanın işğal altındakı ərazilərinin azad olunduğunu, Qarabağ probleminin tarixə qovuşduğunu xatırladan H.Babaoğlu yeni mübarizə mərhələsində qarşımızda dayanan hədəf və vəzifələrdən də söhbət açıb. Bildirib ki, beş min il yaşı olan İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəni irsin, tarixi mirasın öyrənilməsi və qorunması üçün UNESCO-ya müraciət olunub. Qeyd edib ki, beynəlxalq hüququn bizə verdiyi imkanlardan maksimum istifadə edərək, Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalı, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün addımlar atmalıyıq. Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcmasının bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr tarixi ədalətin bərpa olunması üçün milli mücadilədir. H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın tarixi-etnik və siyasi coğrafiyasında milli bütövlüyümüz gec-tez bərpa olunmalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya mərz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qeyd edək ki, veriliş saat 19:30-da "Baku TV-nin efirində və yutub kanalında yayımlanıb.