ACE platforması üzrə işlər 97% yerinə yetirilib

ACE platforması üzrə işlər 97% yerinə yetirilib

Ötən ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi layihəsi 97% yerinə yetirilib.

Bu barədə “Birxeber.Az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair 2023-cü ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

“Bu ilin əvvəllərində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.