Naxçıvan Ombudsmanına seçki hüquqları ilə bağlı şikayət daxil olmayıb

Naxçıvan Ombudsmanına seçki hüquqları ilə bağlı şikayət daxil olmayıb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 12 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində muxtar respublika üzrə 6 seçki dairəsinin 210 seçki məntəqəsində müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə ilk dəfə olaraq müşahidələr aparıblar.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatınından “Birxeber.Az”un yerli bürosuna verilən məlumata görə, müşahidələr, həmçinin Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində, N saylı hərbi hissədə və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində təşkil olunmuş seçki məntəqələrində də aparılıb.

Müşahidələr zamanı seçki prosesində pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib.

Həmçinin əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb.

“Aparılan müşahidələr onu deməyə əsas verir ki, muxtar respublikada prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Sevindirici haldır ki, mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçirilib.

Növbədənkənar prezident seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququ yüksək səviyyədə təmin olunub. Muxtar respublikada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb”, - deyə məlumatda bildirilib.