Səidə Qocamanlı: "QHT-lərin seçkiləri müşahidə etməsinə imkan yaradılmaması ilə bağlı bəyanatlar cəfəngiyyatdır"

Səidə Qocamanlı: "QHT-lərin seçkiləri müşahidə etməsinə imkan yaradılmaması ilə bağlı bəyanatlar cəfəngiyyatdır"

Seçkilərdə iştirakdan imtina etmiş bir sıra siyasi partiyaların ötən gün “yerli səviyyədə seçkiləri müşahidə işi ilə illərdir peşəkarcasına məşğul olan QHT-lərin bu seçkini müşahidə etməsinə imkan yaradılmaması” barədə bəyanatları siyasi cəfəngiyyatdır.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "Mənim səsim" Seçki Monitorinq Koalisiyası"nın seçkiləri müşahidə nəticələrinə dair brifinqdə "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı deyib.

O bildirib ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyası özündə 3 QHT-ni birləşdirir: "Bizlər Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçirilmiş bütün seçkiləri monitorinq etmişik. Bundan başqa, 7 fevral seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000 nəfərə yaxın seçki müşahidəçisi yer alıb. Ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb".

S.Qocamanlı qeyd edib ki, müşahidəçilər sırasında müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, onlar ictimai nəzarəti təmin edib: "Bu koalisiyalarda birləşən 9 QHT ümumilikdə 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər respublika üzrə seçki müşahidəçiliyi aparıb.

Seçki günü 67 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında əminlikdə deyə bilərik ki, 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkiləri ölkədə demokratiyanın, siyasi mədəniyyətin inkişafı baxımından irəliyə doğru atılmış böyük addımdır. Seçki azad, ədalətli və şəffaf olub. Seçicilərdə seçkilərdə iştirakla bağlı görünməmiş yüksək motivasiya, xoş əhval-ruhiyyə, sıra, növbə mədəniyyəti müşahidə olunub. Ailə üzvləri birgə seçkiyə qatılanlar çoxluq təşkil edib".