Azərbaycan Mədəniyyət Mərkəzi və “TRT Avaz” kanalı ölkəmizin milli mədəniyyətini təbliğ edəcək

Azərbaycan Mədəniyyət Mərkəzi və “TRT Avaz” kanalı ölkəmizin milli mədəniyyətini təbliğ edəcək

Azərbaycan Mədəniyyət Mərkəzi türk dünyasının ortaq mədəniyyət televiziyası olan “TRT Avaz” kanalı ilə Türkiyə ilə Azərbaycan arasında arasında qardaşlıq əlaqələri və milli mədəniyyətimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək.

“Report”un Ankara bürosunun məlumatına görə, bu gün Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatoru Sedat Sağırkaya ilə görüşüb və müzakirələr aparıb.

Görüş zamanı Sedat Sağırkaya Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. O, Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telekanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş aparıldığını, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb.

Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib.

Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib.

Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub.

Sonda “TRT Avaz” kanal koordinatörüı Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.