Bahar Muradova Yevlax və Ağdamda yeniyetmə və gənc qızların qaçırılmasına münasibət bildirib

Bahar Muradova Yevlax və Ağdamda yeniyetmə və gənc qızların qaçırılmasına münasibət bildirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması hadisəsinə münasibət bildirib.
birxeber.az bildirir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqataiv meyillərin hələ də qüvvədə olduğunu göstərir:
"Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu ağlasığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir. Təhsil, maariflənmə, sağlamlıq istiqamətində görülən tədbirlər insana yönəlir. Təhsil də yalniz elm, bilik öyrənmək deyil, həm də insan olmaq üçün imkan yaradır. Bütün proseslərdən keçən insanlar nəticədə yaşının müəyyən vaxtında belə hərəkətə yol verirsə, bu, onun fərd olaraq problemi kimi qəbul olunur. Belə məsələlərə cəmiyyətin sərt reaksiyasının olmaması əhatəsində insanları dözümlu yanaşmasından irəli gəlir. Belə halları evlənməyə cəhd kimi qiymətləndirmədən keçir. Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini muəəyn edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik".
B.Muradova qeyd edib ki, bu hadisə Dövlət Komitəsinin diqqətindədir: "Müdaxilə edilib. Hüquq mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetiririk. Hüquqi dəyərləndirmədən sonra qızın gələcəyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik.
Dövlət Komitəsinin sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür".