"Barselona"nın prezidenti Xavi ilə dialoqun detallarını açıqlayıb

"Barselona"nın prezidenti Xavi ilə dialoqun detallarını açıqlayıb

İspaniya təmsilçisi "Barselona"nın prezidenti Xuan Laporta komandanın istefa verən baş məşqçisi Xavi ilə dialoqun detallarını açıqlayıb.

"Report" xəbər verir ki, funksioenr bu barədə RAC1-ə danışıb.

“Xavini mövsümün sonuna qədər qovmaq fikrim yoxdur. O, mənə dedi ki, getsə, daha yaxşı olar və müqaviləsinin qalan 1 ilinin qazancından da imtina edir. Ona dedim ki, mövsümün sonuna qədər qalmaq variantını yalnız o olduğuna görə qəbul edəcəyəm", - Laporta bildirib.

"Barselona"nın prezidenti yeni baş məşqçi məsələsinə də aydınlıq gətirib: "Qərarı klubun idman direktoru Deku verəcək. Lakin komandaya gələcək məşqçinin yetərincə təcrübəsi olmalıdır. Əlbəttə, əgər daha yaradıcı bir qərar verməsək. Rafael Markes? İstisna olunmur. Hans-Diter Flik? Dekudan soruşun”.

Qeyd edək ki, Xavi La Liqanın 22-ci turunda "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin payızından komandaya rəhbərlik edir. Kataloniya təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 47 xalla üçüncü pillədə qərarlaşıb.