Ağalıda səs verəcək ən yaşlı seçici məlum olub

Ağalıda səs verəcək ən yaşlı seçici məlum olub

Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır.

Bunu “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqənin sədri Mübariz Fərhadov deyib.

Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək.

M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçilərdə 1206 nəfər seçici səs verəcək: “Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”.

Məntəqədə veb-kameraların quraşdırıldığını və seçkilərin tam şəffaf keçirilməsi üçün bütün şəraitin olduğunu deyən Mübariz Fərhadov əlavə edib ki, illərdir hərsətini çəkdiyimiz torpaqlara qayıtmaq çox qürurverici haldır: “30 il keçməsinə baxmayaraq Allah bizə öz yurdumuza qayıtmağı nəsib etdi. Ağalı camaatı yüksək əhval-ruhiyyə ilə 7 fevralda keçiriləcək seçkilərə hazırlaşır və hər kəs səbrsizliklə öz namizədinə səs vermək üçün seçkilər gününü gözləyir”.

Foto Firudin Səlimov