Ombudsman Aparatının rəhbəri ATƏT-in müşahidə missiyasının üzvünü seçkilərə hazırlıqla bağlı məlumatlandırıb

Ombudsman Aparatının rəhbəri ATƏT-in müşahidə missiyasının üzvünü seçkilərə hazırlıqla bağlı məlumatlandırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvü Svetlana Çetaykina ilə görüş keçirilib.

Bu barədə "Birxeber.Az"a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonağa təsisatın vətəndaşların seçki hüququnun təmini və müdafiəsi sahəsində fəaliyyəti barədə geniş məlumat verib. A.Səfixanlı növbədənkənar prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planının hazırlandığını, bu fəaliyyət planına əsasən paytaxtda və regionlarda vətəndaşların seçki hüququnun təmini mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmini və müdafiəsi məqsədilə həyata keçirilən fəaliyyət barədə danışan Aparat rəhbəri Müvəkkilin hər il ənənəvi olaraq, insan hüquqlarının qorunması haqqında illik məruzə ilə çıxış etdiyini və insan hüquqları pozuntularının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər barədə ictimaiyyətin məlumatlandırıldığını söyləyib.

Aparat rəhbərinin müavini Rəşid Rumzadə qonağın sualları əsasında Ombudsman təsisatının dövlət qurumları, məhkəmə və hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələri barədə məlumat verib.

O, Ombudsmana əlçatanlığın təmin olunması məqsədilə 24/7 rejimində “916” Çağrı Mərkəzinin fəaliyyət göstərdiyini, eləcə də sosial şəbəkələr və təsisatın veb-saytı üzərindən onlayn müraciət üsullarının yaradıldığını, Müvəkkilə ünvanlanmış bütün müraciətlərin operativ qaydada araşdırıldığını, pozulmuş hüquqların təmin olunması istiqamətində effektiv tədbirlərin görüldüyünü qonağın diqqətinə çatdırıb.

Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti haqqında məlumat verən Aparat rəhbərinin müavini şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələrin keçirildiyini bildirib, verilmiş tövsiyələr və onların icrasının monitorinqi, müraciətlərin araşdırılması ilə dərhal verilən reaksiyalardan danışıb.