ABŞ-ın 26 baş prokuroru Texas qubernatorunun miqrantlarla bağlı mövqeyini müdafiə edib

ABŞ-ın 26 baş prokuroru Texas qubernatorunun miqrantlarla bağlı mövqeyini müdafiə edib

ABŞ-ın 26 baş prokuroru Texas qubernatoru Qreq Abbotun “miqrant işğalı”na dair mövqeyini müdafiə edib.

Birxeber.Az “Fox News”a istinadən xəbər verir ki, 26 respublikaçı baş prokurorun Prezident Co Baydenə və daxili təhlükəsizlik katibi Alexandro Mayorkasa ünvanladığı məktubda “milyonlarla insanın ABŞ sərhədinə koordinasiyalı hücumunun” işğal olduğu və ştatın özünü bu işğaldan qorumalı olduğu qeyd edilib. Məktubda vurğulanıb ki, Texasın yerləşdirdiyi bariyerlərin federal hökumət tərəfindən dağıdılmasına çalışılmasına rəğmən öz sərhədinin mühafizəsinə çalışması alqışlanmalıdır.

Baş prokurorlar əlavə ediblər ki, ştat özünü işğaldan qorumaq qabiliyyətində olmalıdır və heç kim buna etiraz etmir.

“Hazırda kartellər, terror qrupları və digər pis niyyətli aktorlar böyük insan axınını təşkil etmək üçün sərhəddəki xaosdan yararlanırlar. Qanunsuz qruplaşmalar öz “yırtıcı” üzvlərini gizlətmək üçün ABŞ-a daxil olan insan axınından istifadə edirlər. Milyonlarla insanın koodrinasiyalı hücumun bir parçası kimi Texasa gəlməsi işğaldır. Nə Texas, nə də hansısa digər ştat bu cür insan axınının öhdəsindən gələ bilməz”, - məktubda qeyd edilib.

Ayova ştatının baş prokuroru Brenna Börd və Utah ştatının baş prokuroru Şan Reyesin rəhbərliyi ilə hazırlanmış müraciətdə qeyd olunub ki, 2021-ci ildə Baydenin inaqurasiyasından sonra 6 milyon qanunsuz miqrant ölkənin cənub sərhədini keçib.

“Bu üç ildən az bir müddətdə Ayova və Utah ştatlarının əhalisi qədər insanın bizim ölkəmizə əlavə edilməsidir”.

Börd “Fox News Digital”a açıqlamasında bildirib ki, cənub sərhədinin işğalı bütün ştatları sərhəd ştatına çevirir.

“Əgər Bayden administrasiyası bizim sərhədimizin mühafizəsi və amerikalıların təhlükəsizliyinin saxlanılmasına dair öz vəzifəsini yerinə yetirməyəcəksə, kənara çəkilməli və ştata öz işini özü görməyə icazə verməlidir”, o, deyib.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi yanvarın 22-də qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün Texas ştatı tərəfindən ABŞ-Meksika sərhədində quraşdırılmış 48 kilometr uzunluğunda tikanlı məftil hasarının sökülməsinə qərar verib.