Vaşinqton anlamalıdır ki, Azərbaycanda da ABŞ-nin təxribatçı davranışlarından narahatlıq var - RƏY

Vaşinqton anlamalıdır ki, Azərbaycanda da ABŞ-nin təxribatçı davranışlarından narahatlıq var - RƏY

Müxtəlif mövzularda narazılıq etməyə öyrənmiş Vaşinqton anlamalıdır ki, Azərbaycan ictimai mühitində də ABŞ-nin təxribatçı davranışlarından narahatlıq var.

Bunu "Report"a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur:

Rasim Musabəyov
Rasim Musabəyov

"ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin media azadlığı və QHT-lərin fəaliyyətinə təzyiq, USAID-lə əməkdaşlıqdan guya imtina edilməsi ilə bağlı düzgün olmayan açıqlamaları təəssüf doğurur. Ancaq o bilməlidir ki, ABŞ-nin bir çox yanaşmaları da Azərbaycanı narahat edir və narazılıq yaradır. Qərb ölkələrinin bir çoxunda Azərbaycana qarşı qarayaxma kampaniyası aparan şəxslərin açıq-açkar düşmən mövqeyi hər gün səslənməkdədir. İndi bunu Azərbaycanın içərisində də təşkil edib maliyyələşdirmək istəyirlər".

"Azərbaycan heç kimə, hətta ABŞ kimi nəhəng dövlətə də imkan verməyəcək ki, ona yuxarıdan aşağı baxsın", - R.Musabəyov vurğulayıb.

R.Musabəyov Azərbaycanda dini etiqad azadlığı ilə bağlı səslənən bəyanatları da əsassız adlandırıb: "İşğaldan azad edilmiş ərazilərdə hansısa erməni kilsəsi ətrafında həqiqətə uyğun olmayan məlumat səsləndirirlər. Onlar yaddan çıxardıblar ki, Azərbaycan müsəlman ölkələri arasında dini tolerantlığa görə nümunəvi ölkədir. Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu ölkəyə göstərilən yüksək etimaddan irəli gəlir".