Anar Bağırov: Vəkil olmaq artıq hüquqşünaslar üçün nüfuz məsələsidir

Anar Bağırov: Vəkil olmaq artıq hüquqşünaslar üçün nüfuz məsələsidir

Bu gün vəkil olmaq istəyən kifayət qədər hüquqşünas var. Vəkil olmaq artıq hüquqşünaslar üçün bir nüfuz məsələsidir. Bir çox sahələrdə fəaliyyət göstərən təcrübəli və savadlı hüquqşünaslar vəkilliyə üz tutur.

“Birxeber.Az” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, Azərbaycan vəkillərinin fəaliyyəti üçün zəruri şərait mövcuddur.

“Ölkəmizdə vəkillərimizin hüquqları qanunvericilikdə geniş təsbit olunub. Hər kəsin keyfiyyətli hüquqi yardım almaq kimi konstitusion hüququ var. Bu hüququn realizə edilməsində Azərbaycan vəkilləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün regionlarda vəkillərin sayı artmaqdadır. Eyni zamanda, Naxçıvanda da vəkillərin sayında müsbət dinamika müşahidə olunur.

Təbii ki, ölkədə vəkillərin sayının artması qarşımızda duran ən birinci vəzifədir. Ancaq ən savadlı, ən təcrübəli və hazırlıqlı hüquqşünaslar Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunur. Məlumat üçün qeyd edim ki, Kollegiyaya müraciət edən 10 namizəddən yalnız üçü vəkil statusu əldə edir. Çünki keçirilən imtahanlar çox mürəkkəbdir. Lakin buna baxmayaraq namizədlərin sayı kifayət qədərdir”, - deyə sədr bildirib.