Türkiyə-İraq “Müştərək Koordinasiya Mərkəzi” yaradılacaq

Türkiyə-İraq “Müştərək Koordinasiya Mərkəzi” yaradılacaq

Türkiyə ilə İraq arasında təhlükəsizliyə dair “Müştərək Koordinasiya Mərkəzi” yaradılacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzin təsis edilməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa ziyarəti zamanı qərar verilib:

“Təhlükəsizlik, ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində əməkdaşlığın institusionallaşdırılması və davam etdirilməsini təmin etmək üçün yaradılacaq “Müştərək Koordinasiya Mərkəzi”nin prinsiplərinin müəyyən edilməsi üçün İraq tərəfi ilə danışıqlar davam etdirilir”, - deyə Nazirlikdən bildirilib.

Bundan əlavə, İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftədə 54, 2024-cü il yanvarın 1-dən indiyədək İraqın şimalında 360, Suriyanın şimalında 442 olmaqla 802 terrorçunun zərərsizləşdirildiyi də vurğulanıb.