Deputat: Ümid edirəm ki, Qərb Prezidentin mesajlarından nəticə çıxaracaq

Deputat: Ümid edirəm ki, Qərb Prezidentin mesajlarından nəticə çıxaracaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli ümid edir ki, Qərb Cənubi Qafqaza müdaxilələrlə bağlı Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumundakı mesajlarından nəticə çıxaracaq.

Deputat "Report"a açıqlamasında qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əldə olunan son razılaşma, xüsusilə Azərbaycana məxsus 4 kənddə işğala son qoyulması ilə başladılan delimitasiya prosesi iki ölkənin kənar müdaxilələr olmadan nəticə əldə edə bildiklərini nümayiş etdirir.

Onun sözlərinə görə, 44 günlük müharibədən, xüsusilə də Azərbaycanın öz əraziləri üzərində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda ayırıcı xətlər çəkmək tendensiyası özünü hər addımda, həm də, təəssüf ki, bəzi region dövlətlərinin iştirakı ilə göstərir.

Azər Kərimli
Azər Kərimli

"Ermənistanı dolayısıyla və birbaşa silahlandıran ölkələr, bölgədəki reallıqları qəbul etmək istəmir, regionda yeni “münaqişə minaları” basdırmaqla Qərbi, Mərkəzi Asiya və Avropa arasında geostrateji mövqeyə malik olan Cənubi Qafqaza perspektiv müdaxilə imkanlarını qoruyub saxlamağa çalışırlar. Ayırıcı xətlər isə özünü bütün istiqamətlərdə, xüsusilə də kommunikasiyalara münasibətdə də biruzə verir", - deputat qeyd edib.

Parlamentari Qərbin Cənubi Qafqaza müdaxilələrlə bağlı Prezident İlham Əliyevin mesajlarından nəticə çıxaracağına ümidli olduğunu söyləyib: "Əks təqdirdə, dövlət başçısının vurğuladığı kimi Azərbaycan özünə ciddi təhdid görərsə, həlledici tədbirlər görəcək".