TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib

TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib

Xəbər verildiyi kimi, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin (PHŞ) vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin mayın 3-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə onların ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Məhəbbət Abdullayev və Vidadi Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiri seçilib.

Məhəbbət Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in tabe olduğu TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyir.

“Bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir.

Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur.

TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, - deyə TƏBİB-dən bildirilib.