"Sumqayıt" rəsmisi: UEFA inspektoru Sumqayıt şəhər stadionu ilə bağlı tövsiyələr verib

"Sumqayıt" rəsmisi: UEFA inspektoru Sumqayıt şəhər stadionu ilə bağlı tövsiyələr verib

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirən UEFA-nın stadion inspektoru Neboyşa İvkoviç müəyyən tövsiyələr verib və nüansları qeyd edib.

Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

O, arena üçün 4-cü kateqoriya almaq istədiklərini söyləyib: "Buna görə müəyyən düzəlişlər lazımdır. İndiki halda stadion Premyer Liqaya hazırdırsa, həm də avrokubokların ilkin mərhələ matçlarını qəbul edə bilər".

Z.Xudiyev UEFA rəsmisinin toxunduğu məsələlərdən söz açıb: "Premyer Liqa oyunu üçün yayımçı şirkətin avtomobillərinin siqnal aldığı yer fərqlidir. Avrokuboklarda avtomobilin dayanması üçün başqa yer lazım olacaq. Bundan əlavə, turniketlər quraşdırılmalıdır. Hazırda biletləri yoxlayanda mobil skaynerlərdən istifadə edirik. UEFA turnirlərində turniketlər olmalıdır. Təhlükəsizlik kameraları ilə bağlı müəyyən tövsiyələr aldıq. İşıqlandırma sistemi onu qane etsə də, avrokuboklarda projektorların bir hissəsi yan tərəflərdən qapıların arxasına doğru çəkilməlidir. Medianın iş otağı üçün müəyyən tövsiyələr verildi".

 Zaur Xudiyev
Zaur Xudiyev

Klub rəsmisi İvkoviçin bəzi məsələlərdə razı qaldığını da diqqətə çatdırıb: "Paltardəyişmə otaqları, meydanın ot örtüyü onun çox xoşuna gəldi və yüksək qiymətləndirdi. Meydan standartları - tribunalara və ehtiyat oyunçular skamyasına qədər məsafənin yüksək səviyyədə olduğunu söylədi. Stadionun tutumu 8 mindən yuxarıdır. Azarkeş sayı da 4-cü kateqoriyaya cavab verir. Avrokubok mövsümü başlayana kimi bunları aradan qaldırmağa çalışacağıq. Qitə arenasında oynamaq şansı qazansaq, matçları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirmək istəyirik".