Dövlət qurumlarının əməkdaşları arasında yarışın qalibləri məlum olub

Dövlət qurumlarının əməkdaşları arasında yarışın qalibləri məlum olub

Aprelin 21-də Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.

APA FHN-ə istinadən xəbər verir ki, 7 qurumdan olan idmançılar qadınlar və kişilər arasında şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin 4 nəfərdən ibarət idman dırmanma üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Anar Novruzov və qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva ən yüksək hündürlüyə hamıdan cəld dırmanaraq bütün rəqiblərinə qalib gəlib çempion adını qazanıblar.

Qeyd edilib ki, Leyla Əliyeva buza dırmanma idmanı üzrə respublika çempionatlarının dəfələrlə qalibi olub və velospied idmanı üzrə həvəskar olaraq bir sıra yarışlarda iştirak edib.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

22 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.