Monqolustanla Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Monqolustanla Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Monqolustana səfəri zamanı nadir torpaq metalları sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Monqolustan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Böyük Britaniyanın xarici işlər nazirinin Monqolustana səfəri zamanı nadir torpaq metalları üzrə əməkdaşlığın inkişafı üçün yol xəritəsi təqdim olunub, ölkənin dağ-mədən və ağır sənaye naziri Jambalın Qanbaatar ilə geologiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb”, – XİN-in mətbuat xidməti nəql edib.

Bildirilib ki, razılaşma Monqolustanın mineral ehtiyatlarının ətraflı tədqiqatlarının aparılması, geologiya sahəsində elmi məlumatların mübadiləsi və mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq imkanları açacaq. Bu məqsədlə iki ölkənin geoloji xidmətləri arasında memorandum imzalanıb.

“Həmçinin Monqolustanın xarici işlər naziri Batmunxin Battsetseq britaniyalı həmkarı ilə ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, elektron hökumət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib və əməkdaşlığı hərtərəfli tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün yol xəritəsi imzalayıb”, – xarici siyasət idarəsi diqqətə çatdırıb.

Qeyd edək ki, Monqolustanda hasil edilən əsas minerallar əlvan və nadir torpaq metalları, qızıl, gümüş, uran və kömürdür. 2022-ci ilədək Monqolustan geoloqları ölkədə 80-ə yaxın nadir torpaq metalı yatağı aşkar ediblər. Bu, son illərdə ABŞ və Cənubi Koreyadan onlara marağa səbəb olub.