Azərbaycan millisinin baş məşqçisi: Yeni futbolçularımız çoxdur

Azərbaycan millisinin baş məşqçisi: Yeni futbolçularımız çoxdur

Yeni futbolçularımız çoxdur.

Bunu “Birxeber.Az”a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis U-17 yığmamızın hazırda Bakıda davam edən təlim-məşq toplanışı barədə danışıb: “Aprelin 16-dan 21-dək Bakıda hazırlıq keçəcəyik. İlkin olaraq heyətə 24 futbolçu cəlb etmişik. Onlardan 8-i İspaniya klubu “Marset”də çıxış edir. Əvvəllər viza probleminə görə həmin oyunçuları dəvət edə bilmirdik. Bu isə o deməkdir ki, yeni futbolçularımız var. Hər birinin oyununu izləmişik. Komandamıza xeyir verə biləcəklərini düşünürəm”.

Milli Bakıdakı hazırlığı tamamladıqdan sonra 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq “İnkişaf” turnirində iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanacaq. İ.Yadullayev UEFA-nın təşkilatçılığı ilə keçiriləcək yarış barədə də fikirlərini bölüşüb: “Aprelin 22-28-i aralığında Belarus, Özbəkistan və Nikaraqua yığmaları ilə qarşılaşacağıq. Turnirin reqlamentinə əsasən oyun ərzində hər millidən 2-si qapıçı olmaqla, 18 futbolçu meydana çıxmalıdır. Onların hər biri 90 dəqiqə meydanda olmalıdır. Təbii ki, bu, ayrı-ayrılıqda 3 oyun üçün nəzərdə tutulub. Bu isə hər futbolçuya şans veriləcəyi anlamına gəlir. İstəyirik ki, oyunçularımız özlərini yaxşı tərəfdən göstərsinlər. Futbolçuların inkişafı ilə bağlı turnir olsa da, biz onların qələbə qazanmalarını çox istəyirik".