“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) təşkil etdiyi “Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, proqram fəaliyyəti Xəzər regionu ilə bağlı olan 18 ölkənin xarici diplomatlarını, akademik qurumlarının və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirib.

Təmsil edilən ölkələr sırasında Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri qeyd etmək mümkündür.

Açılış mərasimində ADA Universitetinin prorektoru və eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə qeyd edib ki, proqram müxtəlif qitələr arasında humanitar körpü rolunu oynayır: "Diplomatlara tək ölkəmizi deyil, geniş Xəzəryanı regionu yaxından tanıdır. Macarıstan, Moldova, Tacikistan, İordaniya, Pakistan və Braziliyanın ölkəmizə təyin edilmiş səfirlərinin açılışda iştirak etməsi proqrama olan etimadın göstəricisidir".

Direktor müavini Aygün Hacıyeva öz növbəsində proqramın tarixçəsinə toxunub: “Xəzər Hövzəsi Araşdırmaları” proqramının metodologiyası akademik və praktiki yanaşmanı balansda saxlayaraq iştirakçıları qrup işinə və Xəzəryanı ölkələr barədə araşdırmalar aparmağa sövq edir. Proqram bu yolla fərqli qitələri təmsil edənlər arasında həm peşəkar əlaqələrin qurulmasını təmin edir, həm də onların regionun tarix və mədəniyyəti, etnik və demoqrafik quruluşu ilə bağlı biliklərini dərinləşdirir".

Qeyd edək ki, iştirakçılar ADA Universitetinin professor-müəllim heyətinin, "IDD"ni təmsil edən ekspertlərin, eləcə də müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələrinin mühazirələrini dinləyəcəklər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edəcək. Proqram çərçivəsində iştirakçılar Qarabağ bölgəsinə səfər edərək oradakı bərpa və quruculuq işlərini müşahidə edəcəklər.