Gürcüstan DİN: Etiraz aksiyasında 14 nəfər saxlanılıb - YENİLƏNİB

Gürcüstan DİN: Etiraz aksiyasında 14 nəfər saxlanılıb - YENİLƏNİB

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər.

Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Yerli KİV-in məlumatına görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.

15.04.2024. 23:34

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada təxribat törətmək istəyənlər var. Onlar müəyyən edilərək polislər tərəfindən saxlanılır.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi İdarəsinin rəisi Vaja Siradze jurnalistlərə açıqlamasında bildirib.

"Qəsdən təxribat törədən 30 nəfər var. Onlar polislərə qarşı təxribat törətmək istəyirlər. Polisə zəng edirlər, söyüş söyürlər, müqavimət göstərirlər. Mən onları dinc şəraitdə mitinq keçirməyə çağırıram”, - Vaja Siradze deyib.

Onun sözlərinə görə, hazırda saxlanılanların sayı barədə ətraflı məlumat yoxdur.

“Hazırda bizdə bununla bağlı dəqiq rəqəm yoxdur. Onlar polisə müqavimət göstəriblər. Aksiyaçıları qanuna tabe olmağa və mitinqin dinc şəraitdə keçirilməsi üçün sakit olmağa çağırıram”, - Siradze vurğulayıb.

DİN daha əvvəl Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

Qeyd edək ki, Tbilisidə keçirilən mitinq zamanı iştirakçılar parlament binasını mühasirəyə almağa çalışıblar.