Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Fransanın “Soci t des Trois Vall es” (S3V) şirkəti Qırğızıstanda Mərkəzi Asiyadakı ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat xidməti onun Bişkekdə S3V şirkətinin baş direktoru Paskal de Tyersan ilə görüşündən sonra məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün, aprelin 29-da “Üç zirvə” klasterinin inkişaf planının təqdimatına həsr olunmuş işçi görüş keçirib. Fransanın S3V şirkətinin baş direktoru Paskal de Tyersan bildirib ki, “Üç zirvə” klasteri Mərkəzi Asiyanın ən böyük dağ-xizək kurortu klasterinə çevrilə bilər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Layihə İssık-Kul regionunda üç dağ zirvəsini əhatə edir: Jırqalan, Ak Bulak və Boz Uçuk. Plana əsasən, bu yerlərdə ümumi uzunluğu təxminən 200 km olan dağ-xizək trasları tikiləcək. Layihənin icrasından sonra 4,8 min iş yerinin açılacağı gözlənilir. Vergi ödənişlərinin həcmi 146 milyon avro təşkil edəcək.

Bu dağ-xizək kurortlarının ilin 10 ayı fəaliyyət göstərəcəyi, onların buraxıcılıq qabiliyyətinin isə 850 min turistə çatacağı planlaşdırılır.