Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb

Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb

Ötən həftə Çexiyada rekord sayda (1 494) göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bunu Çexiya Səhiyyə İnstitutunun saytında dərc olunan statistik məlumatlar göstərir.

Statistika göstərir ki, ölkədə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası güclənir. Keçən həftə həkimlər tərəfindən müəyyən edilən xəstələrin sayı bütün 2023-cü ildəki yoluxma hallarının sayından iki dəfə çoxdur.

Çexiyada bu ilin yanvar ayından bəri 7 888 göy öskürəyə yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanverici vəziyyət 1959-cu ildə müşahidə olunub, o zaman 18 978 sakin xəstəliyə yoluxmuşdu.

Həkimlər ölkə sakinlərinə göy öskürəyə qarşı peyvənd etməyi şiddətlə tövsiyə edir. Amma hazırda Çexiyada cəmi dörd min ədəd peyvənd var. Onlar ilk növbədə uşaqlar və hamilə qadınlar üçün nəzərdə tutulub. Bu həftə Kanada və Fransadan Çexiyaya 90 min ədəd göy öskürək peyvəndi gəlməlidir.