“Baku Steel Company” Düsseldorfda Azərbaycanı təmsil edir

“Baku Steel Company” Düsseldorfda Azərbaycanı təmsil edir

15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun dünya nəhənglərini bir araya toplayan “Tube 2024” sərgisi keçirilir. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən böyük metallurgiya şirkəti “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edir.

“Tube 2024” sərgisində 2600-dən çox iştirakçı şirkət öz xidmət və məhsullarını sərgiləyir. Metallurgiya sektorunun hazırkı tendensiyaları və perspektivləri, yeni texnologiyalar, məhsullar və onların ixrac imkanları kimi bir sıra mövzularla əlaqədar məlumatların təqdim olunduğu sərgidə maraqlı forumlar da keçirilir.

Forumların proqramları yaşıl polad, eko metallar, polad ticarəti, süni intellekt və boru sənayesində innovativ texnologiyalarla bağlı mövzuları əhatə edir. Yaşıl transformasiya və cari inkişaf tendensiyalarından kəsmə və emal texnologiyası üçün unikal həllərə qədər ilk mənbədən mütəxəssis fikirlərinin təqdim olunduğu forumlar fikir mübadiləsi aparmaq və yeni biliklərə yiyələnmək üçün unikal fürsətdir.

Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının diqqət mərkəzində olan “Tube 2024” sərgisi şəbəkələləşmə, potensial əməkdaşlıq əlaqələri qurmaq və yeni bazarlara çıxmaq üçün olduqca əhəmiyyətli bir platformadır.

Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük maraq var. BSC nümayəndələri, təmsil etdikləri şirkət, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar verir.