Rüstəm Alimli: Avropa Kubokunda fərqlənən cüdoçular gələcəkdə də öz sözlərini deyəcəklər

Rüstəm Alimli: Avropa Kubokunda fərqlənən cüdoçular gələcəkdə də öz sözlərini deyəcəklər

İnanıram ki, bu yeniyetmələr gələcəkdə də öz sözlərini deyəcəklər.

Bunu "Report"a açıqlamasında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Berlində keçirilmiş Avropa Kuboku barədə danışarkən deyib.

Sözügedən turnirdə 4 qızıl, 3 gümüş, 3 bürün medal qazandıqlarını xatırladan mütəxəssis yarışın onlar üçün uğurlu alındığını söyləyib: "On medalla komanda hesabında birinci yeri tutduq. Avropa Kubokuna əsas heyətlə yollanmışdıq, üç həftə təlim-məşq toplanışı keçmişdik".

R.Alimli növbəti Avropa Kubokunun Göygöldə təşkil olunacağını bildirib: "Orada da tam heyətlə çıxış edəcəyik. Bu yarışdan sonra Avropa və dünya çempionatı üçün heyəti formalaşdıracağıq. Avropa Kuboklarında cüdoçularımız reytinq xalları toplayırlar və aralarından güclüləri seçirik. Reytinqdə öndə olanlar əsas heyətə salınır. Hər çəkidə güclü, sağlam rəqabət var. Belə olan təqdirdə nəticə də qazanmaq mümkündür. Yaxşı idmançılarımız olduğuna görə bu baxımdan seçimlərdə bir az çətinlik çəkirik. Cüdoçuları sağlam şəkildə gənclərə, oradan da böyüklərə çatdırmaq istəyirik. Bu baxımdan gənclər və böyüklərdən ibarət komandaların baş məşqçiləri ilə birlikdə işləyirik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa Kubokunda 4 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb. Fransa yığması 4 qızıl, 2 gümüş, 8 bürünc medalla ikinci olub.