Prokuror külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinə 7 il həbs cəzası istəyib

Prokuror külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinə 7 il həbs cəzası istəyib

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Belə ki, prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

Qeyd edək ki, A.Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur. Təqsirləndirilən şəxsin vəkili istintaqın yekunlaşmamasını, vəsatətləri olacağını deyib. Ona görə də növbəti məhkəmə prosesində prosesi bitirməyi təklif edib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.