Aİ: İranın İsrailə hücumu regional təhlükəsizliyə təhdiddir - YENİLƏNİB

Aİ: İranın İsrailə hücumu regional təhlükəsizliyə təhdiddir - YENİLƏNİB

Avropa İttifaqı İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücumunu qəti şəkildə pisləyir.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə təhdiddir:

"Aİ İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyir. Bölgədəki son dərəcə gərgin vəziyyətdə eskalasiya heç kimin marağında ola bilməz. Biz bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq. Aİ gərginliyin azaldılması və təhlükəsizliyə tam sadiq qalır, bu məqsədlə bütün tərəflərlə sıx əlaqə saxlayır".

16:47

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri çərşənbə axşamı videokonfrans vasitəsilə növbədənkənar görüş keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell “X”də yazıb.

“İranın İsrailə hücumundan sonra mən Aİ xarici işlər nazirlərinin videokonfrans vasitəsilə növbədənkənar iclasını çağırdım”, - deyə o yazıb.

Görüşün çərşənbə axşamı (16 aprel – Qeyd) baş tutacağı qeyd edilir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb.