Prezidentin Qəbələdə açılışını etdiyi yol 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq

Prezidentin Qəbələdə açılışını etdiyi yol 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq

Prezident İlham Əliyevin aprelin 9-da Qəbələ rayonuna səfəri çərçivəsində açılışını etdiyi Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu 20 mindən artıq əhalinin gediş-gəlişini yaxşılaşdıracaq.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı “Yol İstismar” MMC-nin mühəndisi Azər Mehralıyev məlumat verib.

Onun sözlərinə görə, bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

"Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb", - mühəndis qeyd edib.

A.Mehralıyev bildirib ki, əvvəllər əhalinin bu yolla gediş-gəlişi çətin şəraitdə olub:

"Yol əvvəllər çınqıl örtüklü idi. Prezindentin göstərişi ilə tikilmiş yol əhalinin rahat gediş-gəlişini təmin edəcək".

Bütün bunlar Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını diqqətdə saxlamasını göstərir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir.