Azərbaycandakı KOB evlərində I rübdə 100 minə yaxın xidmət göstərilib

Azərbaycandakı KOB evlərində I rübdə 100 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib.

Qurumdan "Birxeber.Az" a verilən məlumata görə, xidmətlərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb.

KOB evlərində göstərilmiş xidmətlərin 91 minə yaxınını dövlət qurumları (“G2B”), 9 minə yaxınını isə biznes qurumları (“B2B”) təqdim edib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.

KOB evlərində ümumilikdə 52 dövlət və özəl qurum sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərir. Ölkənin digər iri şəhər və rayonlarında da KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir.