Azərbaycanda sənaye istehsalı cüzi artıb

Azərbaycanda sənaye istehsalı cüzi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edib.

"Birxeber.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 %, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.

Sənaye məhsulunun 64,5 %-i mədənçıxarma sektorunda, 29 %-i emal sektorunda, 5,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 % artıb.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 49,7 %, mebel istehsalı 39 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,3 %, tikinti materiallarının istehsalı 34,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2 %, içkilərin istehsalı 24,5 %, geyim istehsalı 21,1 %, elektrik avadanlıqlarının istehsalı 16,8 %, kimya sənayesi məhsullarının istehsalı 16,7 %, tütün məmulatlarının istehsalı 15,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 9 %, kompüter, elektron və optik məhsulların istehsalı 7,9 %, neft məhsullarının istehsalı 5,4 %, kağız və karton istehsalı 2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,3 %, əczaçılıq məhsullarının istehsalı 0,9 % artıb, hazır metal məmulatlarının istehsalı 0,1 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 %, qida məhsullarının istehsalı 2,6 %, poliqrafiya məhsullarının istehsalı 4,0 %, maşın və avadanlıqların istehsalı 19,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 16,3 %, sair nəqliyyat vasitələrinin istehsalı 45,1 %, sair sənaye məhsullarının istehsalı 46,9 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,6 % artıb.