Səfir: Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır

Səfir: Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov vilayətinə işgüzar səfəri edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, S.Mərdəliyev səfər çərçivəsində Lvov Vilayət Dövlət Administrasiyası, Lvov və Truskovets şəhər şuralarının rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlər barədə müzakirələr aparıb. Rəsmi görüşlərdə mövcud şəraitdə mümkün əməkdaşlıq təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb, razılaşma əldə edilib. Ukrayna rəsmiləri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirərək buna görə təşəkkür ediblər.

Səfər çərçivəsində “Birlikdə güclüyük” şüarlı poçt markasının möhürlənməsi baş tutub. Mərasimdə S.Mərdəliyev, Qərb regionunda “Ukrpoşta" SC-nin direktoru Yevgeni Savçuk, "Zaxidnadraservis" Şirkətlər Qrupunun baş direktoru Stepan Kozitski və ictimai fəal Yuri Kotik Azərbaycan-Ukrayna dostluğuna həsr olunan, cəmi min ədəd çap olunan markanı möhürləyərək təqdim edib.

Səfər zamanı S.Mərdəliyev Lvov vilayətində yaşayan Azərbaycan icması və diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb. Səfir görüşdə Azərbaycan dövlətinin diaspor fəaliyyətinə verdiyi əhəmiyyət və qayğı, diaspor təşkilatlarının fəaliyyətlərinin məhsuldar və faydalı olmaları üçün tövsiyələr barədə danışaraq, həmvətənlərimizin təklif və ricalarını dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Lvov vilayətində diasporamızın sağlam inkişaf etdiyi, fəaliyyətinin məhsuldar olduğu qeyd edilib, pandemiya və müharibə çətinliklərinə baxmayaraq, keçirilmiş tədbir və təşəbbüslər barədə məlumat dinlənilib. Görüşdə həmçinin Lvovda Azərbaycan məktəbinin açılması, qərbi Ukraynada yaşayan soydaşlarımız üçün konsulluq xidmətlərinin asanlaşdırılması, sənədlərinin hazırlanması və digər aktual məsələlər də müzakirə olunub. S.Mərdəliyev müharibə şəraitində soydaşlarımızın təhlükəsizliyi məqsədilə tövsiyələrini bölüşərək, Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.

Səfər çərçivəsində səfir S.Mərdəliyev Lvov 1 saylı şəhər klinik xəstəxanasında yaradılmış Azərbaycanın dahi oftalmoloqu, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə baş çəkib, mərkəzin fəaliyyəti və ehtiyacları ilə tanış olub, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) daxili işlər nazirinin müavini olmuş Sadıq bəy Ağabəyzadənin Lvovda yerləşən məzarını ziyarət edib.