Azərbaycanın daha bir sərbəst güləşçisi olimpiadada iştirak hüququ əldə edib - YENİLƏNİB-2

Azərbaycanın daha bir sərbəst güləşçisi olimpiadada iştirak hüququ əldə edib - YENİLƏNİB-2

Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

23 yaşlı pəhləvan yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də olimpiadaya lisenziya qazanıblar.

13:47

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.

“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/4 final mərhələsində Rumıniya idmançısı Zurab Karpayevlə üz-üz gəlib.

Görüş təmsilçimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla Bayramov yarımfinala yüksəlib. Güləşçimiz son duelində Frank Çamizo (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Georgi Meşvildişvili (125 kq) yarımfinala adlayıblar.

12:19

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramov 1/4 finalda Rumıniya idmançısı Zurab Karpayevlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.