"MiniBoss"un təsisçisi: "Uşaqlara layihələrini beynəlxalq arenada nümayiş etdirməyə şərait yaradırıq"

"MiniBoss"un təsisçisi: "Uşaqlara layihələrini beynəlxalq arenada nümayiş etdirməyə şərait yaradırıq"

"MiniBoss Biznes School Baku"nun fəaliyyəti uşaqların müəyyən müəssisələrlə əməkdaşlıq münasibətlərini qurmaq, onların xidmət və məhsullarını satış məntəqəsi ilə təmin etmək, daha sonra beynəlxalq arenada öz layihələrini uğurla nümayiş etdirmələri üçün şərait yaratmaqdır.

"Birxeber.Az" xəbər verir ki, bunu məktəbin təsisçisi Nərminə Həsənova Bakıda keçirilən "Startap Forumu-2024"ün açılış mərasimində bildirib.

"Uşaqlar səhnəyə çıxarkən fərqli hisslər keçirirlər. Aylarla hazırlanan layihələri 4 dəqiqə ərzində təqdim etmək hər peşəkar sahibkarın bacaracağı iş deyil. Uşaqlar təqdim etdikləri startaplarla həm də münsiflər heyətini təəccübləndirməli, həmçinin layihələrinin uğurlu və lazımi olacağını da sübut etməlidirlər", - deyə o vurğulayıb.

Məktəbin daim gənc startaplara dəstək olduğunu qeyd edən N.Həsənova diqqətə çatdırıb ki, pedoqoji heyət uşaqların fikirlərini dəyərləndirir, onlarla birlikdə biznes plan tərtib edir və daha sonra təqdimat üçün hazırlaşdırır.

"MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova isə bildirib ki, ötən il startapa qatılan komandaların sayı 11 olduğu halda, bu il maraq daha da artıb və 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini təqdim edirlər: "Bu il "MiniBoss Business School" məktəbinin tələbələri münsiflər heyətinə biznesyönlü tekstil, əyləncə, qida, parfumeriya, IT və ekologiya sahələrini əhatə edən startaplar təqdim edəcəklər. Daha sonra startapları münsiflər heyəti dəyərləndirəcək, komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant təqdim olunacaq".

Sonda məktəbin direktoru "Startap Forumu-2024"ün işinə uğurlar arzulayıb.