Səhiyyə müəssisələri və xaricdəki mədəniyyət mərkəzləriylə əlaqədar vergilərə yenidən baxılması təklif olunub

Səhiyyə müəssisələri və xaricdəki mədəniyyət mərkəzləriylə əlaqədar vergilərə yenidən baxılması təklif olunub

Qeyri-dövlət səhiyyə müəssisəsi vergidən azaddır, amma dövlət səhiyyə müəssisəsi vergidən azad deyil. Bu, müəssisələr arasındakı rəqabəti pozur.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib.

Deputat deyib ki, səhiyyə sahəsində dövlət sektorunda çalışan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir: “Bu, ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil".

Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev qeyd edib ki, özəl və dövlət səhiyyə müəssisəsinin xərcləri tamamilə fərqlidir: “Dövlət səhiyyə müəssisəsinin yenilənməsi, təmiri, avadanlıqların alınması, işçilərin əməkhaqqını dövlət qarşılayır. Amma özəl məcburdur ki, bunu özü etsin. Ona görə bu kifayət qədər ədalətlidir. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi olmalıdır. Vergidən azadolmalar da bu dəstəyin bir növüdür.

Deputat Soltan Məmmədov isə Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin əməkdaşlarının gəlirlərinin vergidən azad olunmasını təklif edib: “Bu gün Azərbaycanın xaricdə diplomatik nümayəndəliklərdən başqa mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Bu qanun layihəsi onlar üçün də tətbiq edilsə, yaxşı olar”.

Qeyd edək ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, dövlət məvacibi istisna ilə, Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərin məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsi təklif olunur.