Ombudsman: Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi

Ombudsman: Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi

Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi.

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur:

"Ötən il başçəkmə zamanı bir gündə 2000 pasiyentin Respublika Narkoloji Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum oldu. Aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram".

S.Əliyeva bildirib ki, ölkədə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar var:

"Mövcud durum ciddi problemlərə, orada reabilitasiya keçən insanların hayat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır. Penitensiar xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur. Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdan "Cəzanın çəkilməsinə mane olan ağır xastaliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları"na yenidən baxılması təklif edilib".