Politoloq: Dünyada separatizmi dəstəkləyən ABŞ-ın özü parçalanma təhlükəsi ilə üzləşib

Politoloq: Dünyada separatizmi dəstəkləyən ABŞ-ın özü parçalanma təhlükəsi ilə üzləşib

Dünyada separatizmi dəstəkləyən ABŞ-ın özü parçalanma təhlükəsi ilə üzləşib.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev ABŞ-də hökm sürən siyasi gərginliyi şərh edərkən bildirib.

Ramiz Alıyev deyib ki, dünyanın müxtəlif yerlərində separatizmi dəstəkləyən, ölkələrdə vətəndaş qarşıdurmasını körükləyən ABŞ bu dəfə özü parçalanmaq təhlükəsi qarşısında qalıb: “Texas və ona yaxın bir neçə ştat birləşərək ABŞ-dan ayrılmaq niyyətlərini ifadə ediblər. Texas rəhbərliyinin mərkəzi hakimiyyətin əmrlərinə tabe olmaması , özünün qoşunlarını sərhədə cəmləşdirməsi münasibətləri daha da gərginləşdirib. Maraqlıdır ki, Bayden administrasiyası Texas rəhbərliyinə qoşunlarını Meksika ilə sərhəddən geri çəkmək üçün 24 saat vaxt verib. Amma həmin administrasiya digər ölkələrə, o cümlədən, Azərbaycana separatçılarla dialoq aparmağı, onlara güzəştə getməyi məsləhət görür. Bayden hakimiyyətinin fəaliyyətsizliyi ucbatından son üç il ərzində 6 milyondan artıq qeyri-leqal immiqrant ölkənin cənub sərhədini keçib ki, bu da ştatlarda ciddi narazılığa səbəb olub. Artıq digər ştatlar - Kaliforniya və Floridada da Texas rəhbərliyinə həmrəylik nümayiş etdiriblər. Prezident seçkiləri öncəsi Amerika çox ciddi təlatümlərin astanasına qədəm qoyur. Baş verənlər həmçinin respublikaçıların namizədi Trampın mövqeyini gücləndirir. Texasdakı Respublikaçılar Partiyasının tərəfdarları ştatın 2023-cü ildə ABŞ-dan ayrılıb-ayrılmayacağı ilə bağlı gələn il referendum keçirilməsini istəyiblər. Texas qubernatoru Qreq Ebbottun ABŞ sərhədini qoruyan federal qoşunları qovması və onların yerinə öz Milli Qvardiyasını təyin etməsi gərginliyi pik həddinə çatdırıb. Vaxtilə Azərbaycanda separatizmə dəstək verən ABŞ indi öz ərazisində analoji vəziyyətlə üzləşib. Təbii ki, Azərbaycan hansı məkanda baş verməsindən asılı olmayaraq heç vaxt separatizmi dəstəkləməyib. Biz hesab edirik ki, dövlətlərin ərazi bütövlüyü xalqların öz müqəddəratını təyin etmək prinsipindən daha vacibdir. Uzun illərdir ki, separatizmdən əziyyət çəkən bir ölkə olaraq Azərbaycan bütün ölkələrin, hətta Ermənistanın ərazi bütövlüyünə hörmət edib. Amma biz eyni hörməti bir çox dövlətlərdən, o cümlədən, ABŞ-dan görmədik. Erməni separatçılarının liderlərini tez-tez Vaşinqtona dəvət edərək, yüksək kürsülərə çıxaran, onlara geniş siyasi meydan verən Ağ ev bu gün Amerikada öz müqəddəratını təyin etmək istəyən texaslılara heç bir güzəştdə getmək niyyətində olmadığını bəyan edib”.

Politoloq qeyd edib ki, Baydenin əsas rəqibi Donald Trampın Texas ştatının rəhbərliyinin mövqeyini dəstəkləməsi mərkəzi hakimiyyətə böyük zərbə oldu: “ABŞ-ın 25 ştatının respublikaçı qubernatorları Bayden hökumətinin Amerika sərhədini qoruya bilmədiyini bəyan ediblər. Göründüyü kimi, bu, prezident seçkiləri öncəsi ABŞ-da siyasi gərginliyin artmasından xəbər verir. Yaranmış vəziyyətin silahlı qarşıdurma həddinə çatıb-çatmayacağını söyləmək çətindir. Bütün hallarda baş verənlər Baydenin siyasi nüfuzuna çox böyük mənfi təsir göstərir və bu seçkilərin nəticələrində özünü göstərəcək. Hesab edirəm ki, xarici ölkələrdə bu və ya digər formada separatçılığı dəstəkləyən ABŞ-ın özünün parçalanma təhlükəsiz qarşısında qalması ilahi ədalətdir. Bəlli oldu ki, ABŞ-da güclü milli birliyin, xalq-dövlət həmrəyliyinin olmasına dair deyilənlər mifdir, nağıldır. Polisin, ordunun gücünə qorunub saxlanılan sabitliyin gec-tez pozulacağı şübhəsizdir. Texas ştatının ABŞ-dan ayrılması, müstəqil dövlət olması domino effekti verəcək. Bu, bütün ştatlarda müstəqillik hərəkatını gücləndirəcək və ABŞ-ın əzəmətini, super gücünü yerlə bir edəcək. Düşünürəm ki, Ağ ev rəhbərliyi Texas ştatında baş qaldıran separatizm hərəkatından nəticə çıxarmalıdır”.