Azərbaycanda əqli mülkiyyət sahəsində vəziyyət müzakirə edilib

Azərbaycanda əqli mülkiyyət sahəsində vəziyyət müzakirə edilib

Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə “Əqli mülkiyyət müasir mərhələdə” adlı dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, dəyirmi masada dövlət orqanlarının nümayəndələri, deputatlar, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə mütəxəssislər və digər şəxslər iştirak edib.

Tədbir zamanı əqli mülkiyyət sahəsində görülən işlər və hazırda Azərbaycanda əqli mülkiyyətin mövcud durumu müzakirə edilib.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin böyük təsiri kreativliyin, innovativliyin, təəssübkeşliyin inkişafında öz əksini tapır və bəhrələr verir.

Bildirilib ki, Beynəlxalq Əqli Mülkiyyət Günü 2001-ci ildən başlayaraq Azərbaycanda da qeyd olunur və hər il bununla əlaqədar tədbirlər təşkil edilir. Bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada "Əqli mülkiyyət və Dayanıqlı inkişaf məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq" devizi altında keçirilir.

Dəyirmi masa iştirakçıların çıxışı və əqli mülkiyyət sahəsində apardıqları müzakirələrlə yekunlaşıb.