Nazir: "Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir"

Nazir: "Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir"

Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, TDT-nin platformasından istifadə etməklə aqrar sektorda ümumi problemlərin həllinə və regionda aqrar sektorun inkişafına töhfə verilə bilər: “Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinin sadəcə regional deyil, həm də qlobal təsirlərinin olduğunu nəzərə alsaq, beynəlxalq əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Bu istiqamətdə Nazirlik olaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. TDT ölkələri geniş və məhsuldar kənd təsərrüfatı torpaqlarına, müxtəlif iqlim tiplərinə və zəngin su ehtiyatlarına malikdir. Bir çox kənd təsərrüfatı məhsullarının mühüm istehsalçısı və ixracatçısı olan TDT ölkələri aqrar istehsal baxımından böyük potensiala malikdir. Hazırda Forumda öz nümayəndələri ilə iştirak edən TDT-nın öz təcrübələrini bugün bizimlə bölüşməsi çox sevindirici haldır".

Xatırladaq ki, martın 21-də Qazaxıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib. Toplantıda müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğu diqqətə çatdırılıb.