ABŞ və Qərb regionu yeni fəlakətə sürükləyir, Ermənistan revanşa həvəsləndirilir - RƏY

ABŞ və Qərb regionu yeni fəlakətə sürükləyir, Ermənistan revanşa həvəsləndirilir - RƏY

Milli Məclisin deputatı Könül Nurullayeva ABŞ və Qərbin regionu yeni fəlakətə sürüklədiyini bildirib.

Deputat "Birxeber.Az"a açıqlamasında qeyd edib ki, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı əslində hərbi paktdır və bu, regionda sabitliyə, sülhə qarşı yönəlib.

Onun sözlərinə görə, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var və məqsəd regionda ikinci cəbhəni açmaqdır. "Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir. Bununla Ermənistan revanşa həvəsləndirilir".

Parlamentari əlavə edib ki, ABŞ və Avropa Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə barışmaq istəmir:

"Ancaq Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi rəsmi Bakı tərəfindən irəli sürülüb və biz münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirmişik. Amma 44 günlük Vətən müharibəsindən sonra Qərb 3 il ərzində “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan rəhbərliyinə qarşı təzyiq kampaniyası apardı. Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildi, separatizmə açıq dəstək verildi. Bunların heç biri nəticə vermədi. Azərbaycanın antiterror tədbirləri Qərbin planlarını alt-üst etdi. Bu səbəbdən indi Azərbaycana qarşı hərbi planlar qurulur".

Könül Nurullayeva
Könül Nurullayeva

O bildirib ki, Qərb Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq planlarını yeniləməkdədir.

"XX əsrin sonlarında ABŞ və Avropa Ermənistandan istifadə edərək, Azərbaycan torpaqlarının işğalı üçün ona hərtərəfli dəstək vermişdi. Bu gün isə Ermənistan yenə hərbiləşdirilir və dəstəklənir. Azərbaycan isə 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Bütün bu davranışlar regionda sülh quruculuğu səylərinə xələl gətirir. Bunun məsuliyyəti isə Ermənistan başda olmaqla adıçəkilən tərəflərin üzərinə düşür", - K.Nurullayeva söyləyib.