"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi bağlayıb

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi bağlayıb

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə Türkiyənin peyk operatoru “Türksat” arasında kommersiya müqaviləsi imzalanıb.

Bu barədə "APA-Economics"ə Agentlikdən bildirilib.

Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq "Azərkosmos" da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir. Beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada "Azərkosmos"un yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. "Azərkosmos"un əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

"Azərkosmos"la yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.