Şolts: İqlim dəyişikliyi ilə mübarizəyə investisiya qoymaq qlobal səyə çevrilməlidir

Şolts: İqlim dəyişikliyi ilə mübarizəyə investisiya qoymaq qlobal səyə çevrilməlidir

“İqlim dəyişikliyi ilə mübarizəyə investisiya qoymaq qlobal səyə çevrilməlidir”.

APA xəbər verir ki bunu Almaniya Kansleri Olaf Şolts Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

Şolts Azərbaycan Prezidenti İlham Əliyevin COP29-a ev sahibliyi edən ölkənin lideri kimi bu gün Berlində olmağından məmnunluğunu ifadə edib:

“Sizləri Berlində salamlamaqdan məmnunam. Bu gün biz burada Dubayda keçirilən COP28 çərçivəsində əldə etdiyimiz nailiyyətləri nəzərdən keçirəcəyik və eyni zamanda, əmin olacağıq ki, bu il noyabrda Bakıda keçiriləcək COP29 da bu nailiyyətə əsaslana biləcək. Biz iqlim dəyişikliyi ilə bağlı bu prosesi dəstəkləmək istəyirik”.

Kansler Şolts vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində ölkələr daha sürətli addımlar atmalıdır.

Olaf Şolts “yaşıl enerji”yə keçidin sürətləndirilməsi və qalıq yanacaqdan uzaqlaşmağın vacibliyini də vurğulayıb:

“BƏƏ, Azərbaycan və Braziliya COP29 və COP30-un uğurlu olması və fəaliyyətlərin koordinasiyası üçün birgə platforma yaradıb və birlikdə işləyirlər. Biz qitələrarası bu platformanı, təşəbbüsü alqışlayırıq. Almaniya hökuməti bu təşəbbüsü dəstəkləmək üçün əlindən gələni edəcək”.

Almaniya Kansleri deyib ki, onlar iqlim dəyişikliyi və onun nəticələrinə adaptasiya üçün inkişaf etməkdə olan ölkələrə yardım etmək istəyirlər.