Azərbaycan Atıcılıq Federasiyasının baş katibi: Son 2-3 yarışda lisenziya sayını artıra bilərik

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi: Son 2-3 yarışda lisenziya sayını artıra bilərik

Hazırda Paris Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanmışıq. Son 2-3 yarışda lisenziya sayını artıra bilərik.

Bunu "Report"a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov milli üzvlərinin beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə danışarkən deyib.

Qurum rəsmisi azərbaycanlı atıcıların uğurlarından söz açıb: "Komandanın son 2 ay ərzində qazandığı uğurlar bizi sevindirir. Medalların əksəriyyətini gənc idmançılarımız qazanıblar. Bu da son illər federasiyada görülən işlərin düzgün istiqamətdə olduğunun göstəricisidir. Ona yaxın idmançımız son 2 ay ərzində beynəlxalq arenada medallar qazanıblar. Əsas məqsədimiz daha çox nailiyyətlər qazanmaqdır. İnanıram ki, təmsilçilərimiz ümidlərimizi doğruldacaqlar".

O, qarşıdan gələn turnirlər barədə ətraflı məlumat verib: "İlk yarış Braziliyada keçiriləcək güllə atıcılığı üzrə təsnifat turniri olacaq. Burada lisenziyası olmayan idmançılar olimpidaya vəsiqə uğrunda yarışacaqlar. Stend atıcılığı üzrə yarışlar aprelin sonunda Qətərin paytaxtı Dohada keçiriləcək. Orda da lisenziya uğrunda qadınlar və kişilər mübarizə aparacaqlar. Daha sonra Bakıda Dünya Kuboku təşkil olunacaq. İdmançılarımız burada olimpiadaya vəsiqə qazanmaq üçün əlavə xallar əldə edəcəklər. Ardınca stend atıcılığı üzrə İtaliyada Avropa çempionatı baş tutacaq. Güllə atıcılığı üzrə isə Xorvatiyanın Osiyek şəhərində Avropa çempionatı keçiriləcək. Bu 5 yarışın 4-də olimpiadaya birbaşa lisenziyalar uğrunda mübarizə baş tutacaq".

E.Cəfərov federasiya olaraq əsas hədəfləri açıqlayıb: "Qarşımıza qoyduğumuz məqsəd lisenziya sayının minimum 2, maksimum 4 olmasıdır. Bu bizim istəyimizdir, amma təbii ki, məqsədimiz daha çox lisenziya qazanmaqdır. Təmsilçilərimiz bunun üçün dayanmadan məşq edirlər. Lisenziya qazanıb-qazanmayacaqlarını zaman göstərəcək".

Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək Paris-2024-ə 11 lisenziya qazanıblar. Atıcılıqda isə hələlik Ruslan Lunyov bu vəzifənin öhdəsindən gəlib.