Əmək münasibətlərinə proaktiv e-nəzarət mexanizmi tətbiq olunur

Əmək münasibətlərinə proaktiv e-nəzarət mexanizmi tətbiq olunur

Əmək münasibətlərinin rəqəmsallaşdırılması çərçivəsində əmək qanunvericiliyinə elektron nəzarət mexanizmi işlənib hazırlanıb və proaktiv e-nəzarət tədbirləri həyata keçirilir.

Birxeber.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda keçirilən, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş konfransda bildirib.

Nazir diqqətə çatdırıb ki, əmək qanunvericiliyi üzrə e-audit modulu da hazırlanıb və pilot tətbiqinə başlanıb. İş yerlərinin attestasiyası modulu da artıq istifadəyə verilib.

2022-ci ildə işəgötürənlərin istifadəsinə verilən "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) işçinin işə qəbul prosesindən başlamaqla əmək sahəsində bütün münasibətlərin, əmək müqavilələrinin, kağız üzərində olan sənədləşmələrin, rəsmiləşdirmələrin e-platformaya keçidinə imkan yaradıb.

Bu altsistemin əməyin mühafizəsi ilə bağlı əlavə funksionallıq və imkanları da mövcuddur. Qanunvericilikdə olan dəyişikliklər və yeniliklər barədə ƏMAS üzərindən işəgötürənlərin mütəmadi məlumatlandırılması həyata keçirilir.